“Gələcəyə Körpü” GİB Ümumdünya Uşaqlar Gününü uşaqlarla birlikdə qeyd etdi


20 noyabr “Ümumdünya Uşaqlar Günü” münasibətilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə SOS uşaq kəndində uşaqların və Birliyin könüllülərinin iştirakıyla əyləncəli tədbir təşkil olundu.

Tədbirin təşkil olunmasında məqsəd əlamətdar günü uşaqlarla birlikdə qeyd etmək, onlar üçün əyləncəli oyunlar təşkil etmək, uşaqların cəmiyətimiz və dövlətimizin gələcəyi üçün əhəmiyyətini vurğulamaqdı. Uşaqlar gənclər tərəfindən təşkil olunan müxtəlif əyləncəli oyunlarda, viktorinalarda iştirak etdilər.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


22.11.2014 23:02