“Gələcəyə Körpü” GİB “Erasmus + Youth” Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub


25 Oktyabr, 2017-ci il tarixində Gəncə şəhər Gənclər Evində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin açılış mərasimi baş tutub. 

Tədbirin rəsmi hissəsində QHT nümayədələri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə,  şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xəyalə Qurbanova, Gənclər Evinin əməkdaşı Şəhriyar Hacıyev və tələbələr iştirak ediblər.

Hüseynxan Hacızadə çıxış edərək, Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus+ Youth. Proqramı haqqında geniş məlumat verib.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova qeyd edib ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin iyun ayından dekabr ayınadək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Bu günədək Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

Məlumat Mərkəzinin tərəfdaşları – şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin nümayəndələri Mərkəzin işinə uğurlar arzulayıb və yerli gəncləri, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıblar.

İştirakçı gənclər  Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhvələrini müəyyənləşdirmək məqsədilə komanda işləri həyata keçirərək təqdimatlar ediblər.

Qeyd edək ki, ”Gələcəyə Körpü” yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcək. Bununlada Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verəcək, Azərbaycanın müxtəlif bölgələrində Erasmus+ Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqramla bağlı maarifləndirməni artıracaq, proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və EVS layihələrinə müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat verəcək. 


Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


10.01.2018 19:17