“Gələcəyə Körpü” GİB Bakı şəhərində "Azərbaycan gənclərinin Erasmus+ Gənclər Proqramında iştirakı və cəlb olunması: çətinliklər və imkanlar" adlı dəyirmi masa təşkil edib.


 

          23 May 2018 -ci il tarixində Azərbaycanda ilk dəfə Erasmus+ Gənclər Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunan “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Bakı şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi əməkdaşlığı ilə "Azərbaycan gənclərinin Erasmus+ Gənclər Proqramında iştirakı və cəlb olunması: çətinliklər və imkanlar" adlı Dəyirmi masa təşkil edib.                                    

         Tədbirin həyata keçirilməsində əsas məqsəd - Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının Avropa Komissiyasının Erasmus+ Proqramının imkanlarından bəhrələnməsi imkanlarının artırılması, hazırki vəziyyətin təhlil edilməsi və SALTO ŞAQRM ilə Azərbaycan gənclər təşkilatlarının potensial əməkdaşlığının gücləndirilməsidir. Tədbirdə SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin direktoru Liliyana Budkovska, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Məryəm Məcidova iştirak edib. Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

          "Erasmus+ Gənclər Fəaliyyətdə" rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. 

           Bu çərçivədə Birlik 2017-ci ilin iyun ayından etibarən yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərir. Bununla da Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verir, Azərbaycanın müxtəlif şəhər və rayonlarında Erasmus+ Gənclər Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və digər fəaliyyətlər üçün müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat verir. 

          Qeyd edək ki, "Gələcəyə Körpü" "Erasmus+ (əvvəlki “Youth in Action - Gənclər Fəaliyyətdə”) Proqramına 2007-ci ildən etibarən qoşulub. 2003-cü ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən beynəlxalq layihəhələr həyata keçirməyə başlayıb.

 

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


29.05.2018 18:35