“Gələcəyə Körpü” GİB-in fəal gəncləri EVS proqramında Azərbaycanı təmsil edir.


        “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin iki üzvü Cəmşid Xanzalı ve Ramal Vəliyev    “Avropa Könüllülük Xidməti” (EVS)  proqramı çərçivəsində Rumıniyanın Craiova şəhərində uzunmüddətli könüllülük layihəsində Birliyimizi və ölkəmizi beynəlxalq səviyyədə təmsil edirlər.

           Layihənin keçirilmə  məqsədlərinə  uşaq və yeniyetmələrin əylənməsini təmin etmək, oyuncaq toplama fəaliyyəti, məktəb ləvazimatları, təmizlik əşyaları, uşaq və gənclər üçün paltarların toplanması vasitəsilə onların sosial rifahlarını yaxşılaşdırmaq daxildir.  Layihə Rumıniyanın ANTER  təşkilatı  tərəfindən həyata keçirilir və  Erasmus+ Proqramı tərəfindən dəstəklənir.  Qeyd olunan  layihədə  6 ay müddətində Azərbaycan, Gürcüstan, Ukrayna və  İordaniyadan  olan  könüllülər birgə  iştirak edirlər.

        Qeyd edək ki, AKX (Avropa Könüllülük Xidməti) Avropa Könüllülük Xidməti Avropa Komissiyası çərçivəsində fəaliyyət göstərən 18-30 yaş arası gənclərin müxtəlif sahələr üzrə 2 aydan 1 ilədək müddətdə digər ölkələrdə könüllü olması üçün həyata keçirilən bir proqramdır. Proqram çəçivəsində könüllülər müxtəlif sahələrdə, məsələn: ekologiya və ətraf mühit, incəsənət və mədəniyyət, idman fəaliyyətləri və gənclərin vaxtının səmərəli təşkil edilməsi sahələrində ola bilər. Hər bir AKX layihəsinin 3 tərəfdaşı – könüllü, göndərən təşkilat və qəbul edən təşkilat olur. Könüllülər heç bir maddi qarşılıq olmadan maksimum 12 ay müddətdində fəaliyyətlərini davam etdirə bilərlər.

             Birliyimiz ölkənin qərb regionunda AKX akkreditasiyası alan təşkilat olaraq proqram çərçivəsində aktiv şəkildə iştirak edir. Belə ki, Birlik akkreditasi aldıqdan (2012-ci il) indiyə qədər 5 nəfər (Almaniyadan) xarici könüllüyə ev sahibliyi etmiş və 30-a yaxın yerli gəncin Türkiyə, Fransa, Latviya, Lixtenşteyn, Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Portuqaliya, İspaniya, Malta və İtaliyada həyata keçirilən layihələrə göndərən təşkilat olaraq çıxış etmişdir.

 

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


09.02.2018 15:34