Afrika dövlətlərinin gənc mütəxəssisləri “Gələcəyə Körpü” də


23-29 Sentyabr  tarixləri arası  Azərbaycanın Misirdəki səfirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub.

Səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya nümayəndələrindən ibarət 19 nəfər iştirak edib.

Bu gün Afrika İttifaqı Komissiyasının əməkdaşları ilə “Gələcəyə Körpü”  İctimai birliyinin nümayəndələri arasında görüş keçirildi.

Qonaqlarla görüşdə “Gələcəyə Körpü”  İctimai Birliyinin baş katibi Hakim Ələskərov, birliyin proqram meneceri Seymur Vəliyev və digər “Gələcəyə Körpü” heyətinin üzvləri və nümayəndələri  iştirak etdilər.

Görüş zamanı birliyin baş katibi Hakim Ələskərov  qonaqlara birliyin fəaliyyəti, strukturu,  layihələr və gələcəkdə görüləcək işlər barəsində ətraflı məlumat verdi. Bununla yanaşı qonaqlara “Gələcəyə Körpü” İctimai birliyinin fəaliyyətini əks etdirən təqdimat göstərildi.  Təqdimat  bitdikdən sonra Afrika nümayəndə heyətinin üzvü İbrahim Ceesay təşkilatlarının fəaliyyəti barəsində geniş məlumatlandırdı.

Görüşdə qonaqlarla qarşılıqlı əməkdaşlıq barəsində də söhbət aparıldı. Bununla yanaşı görüşdə Afrika gənləri ilə Azərbaycan gənclərinin hal-hazırdakı inkişaf mərhələsinin müzakirəsi oldu. “Gələcəyə Körpü” GİB-in üzvləri Azərbaycan gəncliyinin əldə etdiyi uğurları haqqında Afrika gənclərini məlumatlandırdı.


04.12.2012 14:55