"Gələcəyə Körpü" “MOJU Gənclər Universiteti” adlı təlim kursunda təmsil olunub


16-21 Mart, 2015-ci tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Portuqaliyanın Olhao şəhərində 25 müxtəlif ölkədən 50 nəfər gənc liderlərin iştirakı ilə həyata keçirilən “MOJU Gənclər Universiteti” adlı təlim kursunda 2 nəfərlə təmsil olunmuşdur.

“MOJU Gənclər Universiteti” layihəsi 8 gün davam edən və müxtəlif regionlardan: Avropa İttifaqı, Cənub-Şərqi Avropa, Şərqi Avropa, Qafqaz və Aralıq Dəniz Tərəfdaşlıq ölkələrindən olan gənc liderlərin debat, şəbəkələşmə, təlimlərin həyata keçirildiyi, peşəkar və şəxsi təcrübələrin mübadiləsi ilə baş tutan təlim kursu formasında təşkil olunub.

Layihə çərçivəsində iki müxtəlif mövzuda təlim kursu: “Məhdud imkanlı gənclərlə bağlı fəaliyyətlərin həyata keçirilməsində idarəetmə bacarıqlarının inkişaf etdirilməsi” və “Erasmus+ Proqramı çərçivəsində mübadilə layihələrinin idarə edilməsi” həyata keçirilmişdir ki, hər layihədən 25 nəfər iştirakçı yararlana bilmişdir.

Layihələrin həyata keçirilməsində əsas məqsəd liderlərin gənclər işində, xüsusilə də mədəniyyətlərarası mübadilə mühitində qeyri-formal təhsil üsulları ilə həyata keçirilən layihələrin idarə edilməsi prosesində onların bacarıqlarının və təcrübələrinin artırılması olmuşdur. Bundan başqa həyata keçirilmiş universitetin əsas prioritet vəzifəsi yeni təsis edilmiş “Avropa İttifaqı Erasmus+ 2014-2020” Proqramı çərçivəsində məhdud imkanlı gənclər üçün həyata keçiriləcək layihələrin effektivliyinin və keyfiyyətinin artırılması olub.




Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi





26.03.2015 14:24