Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Ekologiyanın qorunmasında gənclərin ideya marafonu” layihəsinə start verildi.


Layihənin əsas məqsədi region gəncləri arasında ekoloji məsuliyyəti artırmaq, onları ətraf mühit problemlərinin həlli üçün yaradıcı ideyalar irəli sürməyə təşviq etməkdir.
Layihə çərçivəsində Gəncə şəhəri və ətraf regionlardan seçilmiş 16-29 yaş arası 15 nəfər motivasiyalı gənc üç mərhələdən ibarət ideyatona cəlb olundular. İştirakçılar peşəkar fasilitatorun rəhbərliyi altında 3 komandaya bölünərək çalışdılar. Layihə müddətində gənclər üçün 10-14 avqust 2026-cı il tarixlərində ideyaton prosesi mövzusu ilə bağlı təlimatlandırma, günlük komanda işi, təqdimat bacarıqları, biznes planlaşdırma və marketinq strategiyasının qurulması mövzularında təlimlər keçirildi.
Təlimlərlə yanaşı, iştirakçıların ekoloji problemlərin mahiyyətini praktiki olaraq dərk etmələri və cəmiyyətdə ekoloji mədəniyyəti təbliğ etmələri üçün 15 avqust 2026-cı il tarixində Gəncə şəhəri, Comərd Qəssab türbəsi ərazisində ictimai təmizlik aksiyası baş tutdu.
22.08.2026 tarixində yekun təqdimat tədbirində “We all winner”, “EcoBrain” və “Gold winners” komandaları, münsiflər heyəti (layihənin fasilitatoru Elnur Arifzadə, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov və “Zarif Natural” brendinin təsisçisi Fidan Zari) qarşısında öz innovativ ideyalarını və həll təkliflərini təqdim etdilər.
Münsiflər heyətinin qərarına əsasən, yekun təqdimatda qalib olan “We all winner” komandasının “ECOPOINT” layihəsi oldu. “ECOPOINT” layihəsi təkrar emala yararlı tullantıların – kağız, plastik, şüşə və metalın ECOPOINT məntəqələrində toplanaraq təkrar emala yönləndirilməsini hədəfləyir. Layihə tullantıların ətraf mühitə təsirini azaltmağı və onların yenidən xammal kimi istehsalata qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, ECOPOINT mobil tətbiqi vasitəsilə istifadəçilərə ECOCOIN qazandırılaraq onların tullantıları məntəqələrə təhvili təşviq olunur.
Qaliblərə kubok və mükafatlar təqdim olundu. Bundan sonra isə, qeyri-rəsmi görüş baş tutdu.