“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində “Müasir çağırışların carçısı – peşə təhsili” adlı layihəsi qalib olmuşdur.

Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və sahənin potensialı ilə valideynlərin düzgün istiqamətdə maarifləndirilməsidir.
2025-ci ilin aprel ayı ərzində layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə məlumatlandırıcı seminarlar təşkil edilir. Bu görüşlərin hər məktəbdə 1 gün olmaqla (hər məktəb üçün 20 nəfər 7-9-cu sinif şagirdi) 8 məktəbi və ümumilikdə 160 nəfər şagirdi əhatə etməsi nəzərdə tutulur. Seminarlarda şagirdlərə peşə təhsili və təlimi haqqında geniş məlumat veriləcək, onlarla müvafiq mövzularda müzakirələr aparılacaq. Bununla da regionda təhsil alan şagirdlərin bu sahədə ümumi məlumatlılığı artırılacaq.
Daha sonra seminarlarda iştirak etmiş şagirdlərdən ibarət qrupun Gəncədə yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə öyrənmə səfəri təşkil ediləcək ki, bu da onların praktiki biliklərini artıracaq və onlarda bu sahələrə stimul yaradacaq. Öyrənmə səfəri həmin Mərkəzlərin maddi-texniki bazası, tədris edilən peşə ixtisasları, ümumi tədris şəraiti və s. haqqında şagirdlər arasında təəssüratı genişləndiriləcək.
Bunun ardınca isə həmin şagirdlərin valideynlərindən ibarət qrupla maarifləndirici görüş keçirilərək onların müvafiq sahə üzrə məlumatlılığı artırılacaq, sualları cavablandırılacaq və həvəsi olan övladlarının peşə sahəsi üzrə inkişafına müsbət imkanlar yaranacaq.