Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Ekologiyanın qorunmasında gənclərin ideya marafonu” layihəsinə start verilir.

Layihənin əsas məqsədi region gəncləri arasında ekoloji məsuliyyəti artırmaq, onları ətraf mühit problemlərinin həlli üçün yaradıcı ideyalar irəli sürməyə təşviq etməkdir.
Layihə çərçivəsində Gəncə şəhəri və ətraf regionlardan seçilmiş 16-29 yaş arası 20 nəfər motivasiyalı gənc üç mərhələdən ibarət İdeyatona cəlb olunacaqdır. İştirakçılar peşəkar fasilitator və mentorların rəhbərliyi altında 4 komandaya bölünərək çalışacaqlar. Layihə müddətində gənclər üçün 10-14 avqust 2026-cı il tarixlərində 5 günlük komanda işi, təqdimat bacarıqları, biznes planlaşdırma və marketinq strategiyasının qurulması mövzularında təlimlər keçiriləcəkdir.
Təlimlərlə yanaşı, iştirakçıların ekoloji problemlərin mahiyyətini praktiki olaraq dərk etmələri və cəmiyyətdə ekoloji mədəniyyəti təbliğ etmələri üçün 15 avqust 2026-cı il tarixində Gəncə şəhər ərazisində ictimai təmizlik aksiyası baş tutacaqdır.
Layihənin növbəti mərhələsində iştirakçılar hazırladıqları ideyaları 22 avqust 2026-cı il tarixində keçiriləcək yekun təqdimat günündə münsiflər heyəti qarşısında təqdim edəcəklər. Təqdim olunan layihələr innovativlik, tətbiq oluna bilmə potensialı və sosial təsiri baxımından qiymətləndiriləcək.