Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi çərçivəsində təlim kursu yekunlaşıb.
13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçılara “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər.
Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir.
Layihədə növbəti mərhələ olaraq “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda 50 nəfərdən ibarət Forum tədbiri həyata keçiriləcək.
Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.