Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Gəncə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlim kursları həyata keçirilir.
Layihənin məqsədi Gəncə şəhərində yaşayan 16-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır.
Təlim kursunda Gəncədə yaşayan öz biznes ideyası ilə fərqlənən və məqsədi biznes fəaliyyətinə başlamaq olan qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat verilir. Bu bacarıqlar arasında sahibkarlıq sahəsində də geniş tətbiq edilən rəqəmsal (SMM və digər vasitələr) bilik və bacarıqlar da yer alır.
4 günlük təlim kursundan sonra layihə çərçivəsində dəyirmi masa görüşü də təşkil ediləcək. Bu müddət ərzində intensiv olaraq peşəkar ekspertlər tərəfindən sahibkarlıq və biznes sahəsi üzrə ilkin məlumatlardan, biznes ideyasının reallaşdırılmasına qədər müvafiq proseslər və modullar tədris ediləcək. İştirakçılara eyni zamanda dövlət və QHT tərəfindən bu istiqamət üzrə təklif edilən ən son imkanlar, elanlar, proqramlar və layihələr haqqında da məlumat veriləcək.