Gəncədə InnoHub fəaliyyətə başladı.

14 aprel 2025-ci il tarixində Gəncə şəhərində region gənclərinin texnoloji və innovativ bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan InnoHub-ın açılış mərasimi baş tutub. Tədbirdə yerli idarəetmə qurumlarının nümayəndələri, tərəfdaşlar və gənclər iştirak ediblər. InnoHub, Gəncə şəhərində gənclərə tam ödənişsiz, yüksək texnologiyalarla təchiz olunmuş təlim və inkişaf mühiti təqdim edir. Məkan gənclər üçün innovasiya, bilik və texnoloji bacarıqlar mərkəzi olaraq fəaliyyət göstərəcək. Gənclər burada 6 və 4 aylıq proqramlar çərçivəsində veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrində təlim alacaqlar. Təlimlər layihənin tərəfdaşı olan Div Academy-nin peşəkar təlimçiləri tərəfindən həyata keçirilir. Proqramları uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar. Eyni zamanda, InnoHub məzunları üçün regionda real iş imkanlarının yaradılması da əsas hədəflərdəndir. Tədris proqramları real əmək bazarı tələblərinə və aktual trendlərə əsaslanır. Layihənin əsas məqsədi region gənclərini innovativ düşüncəli, rəqabətədavamlı və peşəkar kadrlar kimi yetişdirməkdir. Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Div Academy-nin tərəfdaşlığı ilə həyata keçirilir.

Gəncə şagirdləri üçün “Müasir çağırışların carçısı – peşə təhsili” layihəsi davam edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində “Müasir çağırışların carçısı – peşə təhsili” adlı layihəsi qalib olmuşdur.  Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və sahənin potensialı ilə valideynlərin düzgün istiqamətdə maarifləndirilməsidir.      2025-ci ilin aprel ayı ərzində layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə məlumatlandırıcı seminarlar təşkil edilir. Bu görüşlərin hər məktəbdə 1 gün olmaqla (hər məktəb üçün 20 nəfər 7-9-cu sinif şagirdi) 8 məktəbi və ümumilikdə 160 nəfər şagirdi əhatə etməsi nəzərdə tutulur. Seminarlarda şagirdlərə peşə təhsili və təlimi haqqında geniş məlumat veriləcək, onlarla müvafiq mövzularda müzakirələr aparılacaq. Bununla da regionda təhsil alan şagirdlərin bu sahədə ümumi məlumatlılığı artırılacaq.          Daha sonra seminarlarda iştirak etmiş şagirdlərdən ibarət qrupun Gəncədə yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə öyrənmə səfəri təşkil ediləcək ki, bu da onların praktiki biliklərini artıracaq və onlarda bu sahələrə stimul yaradacaq. Öyrənmə səfəri həmin Mərkəzlərin maddi-texniki bazası, tədris edilən peşə ixtisasları, ümumi tədris şəraiti və s. haqqında şagirdlər arasında təəssüratı genişləndiriləcək.   Bunun ardınca isə həmin şagirdlərin valideynlərindən ibarət qrupla maarifləndirici görüş keçirilərək onların müvafiq sahə üzrə məlumatlılığı artırılacaq, sualları cavablandırılacaq və həvəsi olan övladlarının peşə sahəsi üzrə inkişafına müsbət imkanlar yaranacaq.

Gəncə şəhərində yaradıcı gənclər üçün layihə icra edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı layihəsi icra olunur.  Layihənin məqsədi kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdır.    Layihə Gəncə şəhəri və ətraf regionlarda yaşayan 17-29 yaş arası mədəniyyət sahəsində, xüsusilə aktyorluq, rejissorluq və ssenaristlik sahələrinə həvəsli olan gənclərin müsabiqə yolu (elektron müraciət və müsahibə yolları) ilə seçilərək, peşəkar mədəniyyət ekspertləri tərəfindən xüsusi təlim kurslarında müvafiq bölgülər üzrə təlimləndirilməsi, daha sonra komandalar şəklində bölünərək öz məhsullarını (qısametrajlı film) hazırlamalarından bəhs edir.           Layihə çərçivəsində ilkin olaraq qeyd olunan sahələr üzrə hər birində 8 nəfər olmaqla ümumilikdə 24 nəfər region gənci üçün təlimlər təşkil edilib. Peşəkar ekspert tərəfindən verilən təlimlər vasitəsilə layihə benefisiarları müvafiq sahələr üzrə məlumatlar əldə etdilər və praktiki təcrübə qazandılar.  Növbəti mərhələdə sahələr üzrə iştirakçıların arasından müsabiqə vasitəsilə seçilən iştirakçı gənclərdən ibarət komanda tərəfindən qısametrajlı film ərsəyə gətiriləcək. Daha sonra filmin peşəkar mədəniyyət ekspertləri olan münsiflər qarşısnda təqdimatı və eyni zamanda qiymətləndirilməsi keçiriləcək. Layihənin məhsulu olacaq qısametrajli film mütxəlif sosial media hesablarında və media platformalarında yayımlanacaq.

Gəncədə “EcoTEAM” layihəsi uğurla yekunlaşdı.

yihənin üçüncü  mərhələsi çərçivəsində “EcoTEAM” dən seçilmiş 5 nəfər gənc Gəncə şəhərində 5, 6, 8, 20 və 28 nömrəli tam orta məktəblərdə şagirdlərlə infosessiyalarda iştirak edərək qazandıqları bilik və təcrübələri onlarla bölüşüblər. Görüşlərdə gənclər şagirdlərlə  “İqlim dəyişmələri”, “COP 29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Dünya iqlim ölkələri” mövzularında müzakirələr aparıblar, interaktiv oyunlar, simulyasiyalar təşkil ediblər. Gənclər bu mərhələdən öncə eyni mövzuda təlim kursunda və şəhər ərazisində təşkil olunan təmizlik aksiyasında iştirak ediblər. Layihənin məqsədi regionda yaşayan ekofəal gənclərdən ibarət şəbəkə formalaşdırmaq və ətraf mühitin mühafizəsi ilə bağlı gənclər arasında məlumatlılığı artırmaqdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilib.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri mükafata layiq görülüb.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri – Anaxanım Rzazadə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif edilib. Qeyd edək ki, mükafatlandırma tədbiri Sumqayıt şəhərində 2025-ci il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi çərçivəsində keçirilib.

Hər ağac bir ümid, hər fidan bir gələcəkdir!

Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.  24 dekabr 2024-cü il tarixində şəhərin Heydər Əliyev parkında təşkil olunan aksiya ölkədə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıqların artırılması məqsədini daşıyıb. Bu təşəbbüs həmçinin, gənclər arasında ekoloji şüurun yüksəldilməsinə və ətraf mühitə qayğı göstərməyin önəmini vurğulamağa xidmət edib.   Aksiyada yerli gənclər, könüllülər və ictimaiyyət nümayəndələri fəal iştirak edərək öz töhfələrini veriblər. Tədbirin təşkilatçıları gələcəkdə bu cür aksiyaların davamlı olaraq həyata keçiriləcəyini və daha geniş ictimaiyyətin cəlb ediləcəyini vurğulayıblar.   Qeyd edək ki, aksiyada şam, Xan çinar və müxtəlif meyvə ağacları olmaqda ümumilikdə 300 ağac əkilib.

Gəncədə “EcoTEAM” layihəsi ekofəalları bir araya gətirir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə region gənclərinin ekoloji bilik və bacarıqlarını artırmaq məqsədi daşıyan “EcoTEAM” layihəsi uğurla həyata keçirilir. Layihə, ekoloji problemlərin həllində aktiv rol oynayan gənclərdən ibarət şəbəkənin yaradılmasını və bu şəbəkə vasitəsilə nümunəvi yaşıl sahələr yaradılmasını, ekoloji təmiz məhsulların istifadəsinin təşviq edilməsini və gənclər arasında ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılmasını hədəfləyir.    Layihənin ilk mərhələsində 13-15 dekabr 2024-cü il tarixlərində, ətraf mühitin mühafizəsi sahəsində marağı və təcrübəsi olan gənclər üçün xüsusi təlim kursu təşkil olunub. Təlimdə iştirak edən gənclər “EcoTEAM” komandasının əsasını təşkil ediblər. Təlimçilər Ülvi Məmmədov və Elnur Arifzadə tərəfindən “İqlim dəyişmələri”, “COP29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Dünya iqlim ölkələri” və “Ekoloji səfir olmaq” mövzularında gənclərlə interaktiv müzakirələr aparılıb, qrup işləri və simulyasiya oyunları təşkil edilib. Layihənin növbəti mərhələlərində iştirakçılar Gəncədə təmizlik aksiyasında iştirak edəcək və orta məktəblərdə infosessiyalar keçirərək əldə etdikləri bilikləri şagirdlərlə paylaşacaqlar. “EcoTEAM” layihəsi, Azərbaycan Respublikasının Gənclər Fondunun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən 18-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir. 

Regionda kənd gəncləri üçün layihə yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi yekunlaşıb.  Layihə çərçivəsində ilkin olaraq müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanıb. Kitabça hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin etmək üçün “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdirilib. Layihənin növbəti mərhələsi olaraq Tovuz rayonunun Bozalqanlı, Qazax rayonunun Daşsalahlı, Göygöl rayonunun Üçtəpə, Sanux rayonunun Çobanabdallı, Daşkəsən rayonunun Bayan və Şəmkir rayonunun Ağlavaşlı kəndlərində yerləşən orta məktəblərdə 7-9-cu sinif şagirdləri üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanmış elektron kitabça barəsində təlim sessiyaları təşkil edilib, şagirdləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

“Gələcəyə Körpü” GİB Litvada beynəlxalq təlim kursunda təmsil olunub.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndələri – Hikmət Vəliyev, Rauf Əliyev və Murad Məmmədov 22-28 noyabr 2024-cü il tarixlərində Litvanın Sirvintos şəhərində baş tutan beynəlxalq təlim kursunda iştirak ediblər. Erasmus+ Proqramı çərçivəsində həyata keçirilən təlim kursunun əsas məqsədi gənclər işçilərini, gənc liderləri və könüllüləri “Kompas” təlimatı vasitəsilə insan hüquqları ilə bağlı əsas biliklərlə təmin etmək və bu bilik və bacarıqların gənclərin öz hüquqlarını müdafiə etməsinə imkan yaratmaqdır. Layihədə müxtəlif ölkələrdən ümumilikdə 27 nəfər gənc iştirak edib. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Erasmus+ Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.

“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Polşada beynəlxalq konfransda iştirak edib.

“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Ayşən Mikayılova 7-11 oktyabr 2024-cü il tarixlərində Polşanın Qdınya şəhərində təşkil edilən “SoliDARE” adlı konfransda təşkilatımızı təmsil edib. Tədbirin məqsədi Avropa Həmrəylik Korpusu (ESC) proqramı çərçivəsində fəal təşkilatların nümayəndələrini bir araya gətirməkdir. Tədbir yaradıcı yanaşmaları bir araya gətirməyi və iştirakçı metodologiyalarına əsaslanmağı hədəfləyir. 3 günlük tədbir çərçivəsində Ayşən Avropanın müxtəlif ölkələrindən qatılan təxminən 60 nəfər gənclər işçisi ilə bir araya gəlib. İştirakçılar Avropa Həmrəylik Korpusu proqramı, proqramda yeniliklər prioritetlər barəsində geniş məlumat alıblar. Həmçinin Avropanın müxtəlif Qeyri Hökümət Təşkilatlarını təmsil edən nümayəndələr arasında ESC proqramı çərçivəsində tərəfdaşlıq imkanlarının qurulması üçün də şərait yaradılıb. Qeyd edək ki, tədbir Avropa Həmrəylik Korpusunun Resurs Mərkəzi, Polşa Milli Agentliyi və Rumıniya Milli Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan