Regionda kənd gəncləri üçün layihə yekunlaşıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi yekunlaşıb. Layihə çərçivəsində ilkin olaraq müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanıb. Kitabça hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin etmək üçün “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdirilib. Layihənin növbəti mərhələsi olaraq Tovuz rayonunun Bozalqanlı, Qazax rayonunun Daşsalahlı, Göygöl rayonunun Üçtəpə, Sanux rayonunun Çobanabdallı, Daşkəsən rayonunun Bayan və Şəmkir rayonunun Ağlavaşlı kəndlərində yerləşən orta məktəblərdə 7-9-cu sinif şagirdləri üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanmış elektron kitabça barəsində təlim sessiyaları təşkil edilib, şagirdləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.
“Gələcəyə Körpü” GİB Litvada beynəlxalq təlim kursunda təmsil olunub.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndələri – Hikmət Vəliyev, Rauf Əliyev və Murad Məmmədov 22-28 noyabr 2024-cü il tarixlərində Litvanın Sirvintos şəhərində baş tutan beynəlxalq təlim kursunda iştirak ediblər. Erasmus+ Proqramı çərçivəsində həyata keçirilən təlim kursunun əsas məqsədi gənclər işçilərini, gənc liderləri və könüllüləri “Kompas” təlimatı vasitəsilə insan hüquqları ilə bağlı əsas biliklərlə təmin etmək və bu bilik və bacarıqların gənclərin öz hüquqlarını müdafiə etməsinə imkan yaratmaqdır. Layihədə müxtəlif ölkələrdən ümumilikdə 27 nəfər gənc iştirak edib. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Erasmus+ Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Polşada beynəlxalq konfransda iştirak edib.
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Ayşən Mikayılova 7-11 oktyabr 2024-cü il tarixlərində Polşanın Qdınya şəhərində təşkil edilən “SoliDARE” adlı konfransda təşkilatımızı təmsil edib. Tədbirin məqsədi Avropa Həmrəylik Korpusu (ESC) proqramı çərçivəsində fəal təşkilatların nümayəndələrini bir araya gətirməkdir. Tədbir yaradıcı yanaşmaları bir araya gətirməyi və iştirakçı metodologiyalarına əsaslanmağı hədəfləyir. 3 günlük tədbir çərçivəsində Ayşən Avropanın müxtəlif ölkələrindən qatılan təxminən 60 nəfər gənclər işçisi ilə bir araya gəlib. İştirakçılar Avropa Həmrəylik Korpusu proqramı, proqramda yeniliklər prioritetlər barəsində geniş məlumat alıblar. Həmçinin Avropanın müxtəlif Qeyri Hökümət Təşkilatlarını təmsil edən nümayəndələr arasında ESC proqramı çərçivəsində tərəfdaşlıq imkanlarının qurulması üçün də şərait yaradılıb. Qeyd edək ki, tədbir Avropa Həmrəylik Korpusunun Resurs Mərkəzi, Polşa Milli Agentliyi və Rumıniya Milli Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Regionda kənd gəncləri üçün yeni layihəyə start verilir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi həyata keçiriləcək. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər üçün müasir peşə və frilans iş imkanları ilə bağlı məlumatlığı təmin etmək və bu istiqamətdə elektron kitabça yaradaraq gənclər arasında geniş şəkildə maarifləndirmə işi aparmaqdır. Layihə çərçivəsində müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanacaq. Kitabça “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdiriləcək və hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin edəcək. Daha sonra isə Göygöl, Samux, Daşkəsən, Qazax, Tovuz və Şəmkir rayonlarında yerləşən 6 orta məktəbdə, ümumilikdə 120 nəfər şagird üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanacaq elektron kitabça barəsində məlumatlandırma sessiyaları təşkil ediləcək. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü il üzrə elan olunan qrant müsabiqəsinin qalib layihələrindən biridir.
“Gələcəyə Körpü” GİB İspaniyada beynəlxalq konvensiyada təmsil olunub.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə 15-21 sentyabr, 2024-cü il tarixlərində İspaniyanın Mollina şəhərində “42-ci YEU Konvensiyası: Gəncliyi İnkişaf Etdirən YEU – Sabahın Adaptiv Liderlərini Formalaşdıraq 2024” adlı beynəlxalq konvensiyada iştirak edib. Təşkilatın üzv olduğu beynəlxalq şəbəkə – “Gənclərin Mübadiləsi və Anlaşması” (Youth for Exchange and Understanding (YEU)) tərəfindən ənənəvi şəkildə bu il 42-cisi təşkil edilən tədbirin məqsədi gənclər işində mövcud olan çatışmazlıqlar üçün həll yolları yaratmaq, daha az imkanlara sahib olan gənclər işçilərinə fokuslanmaq və mədəniyyətlərarası dialoq vasitəsilə sektorda keyfiyyəti təşviq etməkdir. Qeyd edək ki, beynəlxalq tədbirdə 10 müxtəlif ölkədən 20 nəfərdən çox gənclər işçisi iştirak edib.
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi beynəlxalq təlim kursunda iştirak edib.
Təşkilatımızın nümayəndəsi Nihal Yusifova 11-19 iyun tarixlərində Almaniyanın Bremen şəhərində təlimçilər üçün təşkil edilən “Train the trainers: It is up to me” adlı 8 günlük təlim kursunda iştirak edib. Tədbir gənc təlimçilərə praktiki fəaliyyətlər, bacarıqların inkişafı və fərdi mentorluqdan ibarət olaraq müxtəlif seminarlar və interaktiv sessiyalar vasitəsilə Avropa Təlim Strategiyasının modelini aşılamaq məqsədi daşıyır. Təlim kursu ərzində iştirakçıların müxtəlif təlimçilik metodlarını öyrənmək və praktik məşğələlərdə tədbiq etmək imkanı olub. Qeyd edək ki, təlim kursu Erasmus+ Proqramı çərçivəsində təşkil edilib.
“Gələcəyə Körpü” GİB-in gəncləri ilə görüş baş tutub.
“Gələcəyə Körpü” GİB-in dəstəyi ilə Avropanın müxtəlif ölkələrində Avropa Həmrəylik Korpusu (ESC) könüllülük proqramlarında iştirak etmiş keçmiş könüllülərlə gənclərin görüşü baş tutub. Görüş çərçivəsində könüllülərimiz Mansur Həsənzadə və Aygül Hüseynli öz könüllülük təcrübələri, ESC layihələrinə qatılmaq üçün hazırlıq mərhələsi və digər vacib məqamlar barəsində təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Görüş interaktiv təqdimat hissəsi ilə davam edib. Qeyd edək ki, tədbir “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Təşkilatımızın Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində fəaliyyətləri haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://www.bfngo.az/esc/
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi beynəlxalq gənclər tədbirində iştirak edib.
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Rauf Əliyev 14-16 May 2024-cü il tarixlərində Fransanın Strasburq şəhərində, Avropa Gənclər Mərkəzində təşkil edilən “Confidence in Tomorrow” adlı gənclər tədbirində təşkilatımızı təmsil edib. Tədbirin məqsədi Avropada yaşayan indiki və gələcək nəsil gənclər arasında sıx əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə dəstək göstərməkdir. 3 günlük tədbir çərçivəsində Rauf Avropanın müxtəlif ölkələrindən qatılan 100 nəfər gənclə bir araya gəlib. Gənclər plenar iclaslarda, tədbirin əsas mövzuları və həmçinin iştirakçıların təklif etdikləri mövzular üzrə qrup işlərində iştirak ediblər. İştirakçılar üçün həmçinin Avropanın müxtəlif ölkələrindən olan rəhbər şəxslərlə qrup görüşləri də təşkil edilib. Qeyd edək ki, tədbir Lixtenşteynin sədrliyi ilə Avropa Şurasının 75-ci ildönümü çərçivəsində həyata keçirilib.
Daha bir gəncimiz Avropada beynəlxalq könüllülük layihəsində iştirak edir.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə daha bir yerli gənc Hafiz Qarakişiyev Rumıniyanın Krayova şəhərində uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) könüllülük layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüzün əsas fəaliyyəti orta məktəb şagirdləri ilə zaman keçirmək, onlar üçün inkişaf yönümlü və əyləncəli fəaliyyətlər təşkil etməkdir. Könüllümüz azyaşlı uşaqlarla rəsm, maket hazırlama fəaliyyətlərinin təşkil edilməsində və onlarla yaradıcı işlərin hazırlanmasında iştirak edir. Hafiz həmçinin layihə çərçivəsində sosial media dizaynlarının hazırlanması ilə də məşğul olaraq rəqəmsal bacarıqlarını inkişaf etdirir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en
Gəncimiz beynəlxalq könüllülük layihəsində iştirak edir.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə daha bir yerli gəncimiz Lalə Mehdiyeva Latviyanın Rujiena şəhərində Jauniešu organizācija “Ligzda” təşkilatı tərəfindən həyata keçirilən uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüz əsas etibarı ilə ahıl insanlarla birlikdə zaman keçirir, onların vaxtının səmərəli təşkili üçün davamlı fəaliyyətlər icra edir. Həmçinin ahıllar üçün xüsusi təşkil edilən mədəniyyət günlərində Azərbaycan milli mədəniyyətini və mətbəxini təqdim edir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en