Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsi həyata keçiriləcək.
Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə hədəf kütləsinə effektiv şəkildə çatdırılmasıdır.
Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 7 orta məktəbdə, ümumilikdə 140 nəfər şagird üçün Peşə Təhsil Mərkəzləri, onların fəaliyyətləri, tədris olunan ixtisaslar, perspektivləri, məzunlarının işlə təmin olunma imkanları, qəbul qaydaları haqqında məlumatlandırıcı seminarlar təşkil ediləcək.
Seminarlardan sonra isə həmin məktəblərdən marağı olan şagirdlər Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzlərində öyrənmə səfərlərində iştirak edəcəklər. Bu səfərlərdə şagirdlər PTM-lərdəki şərait, imkanlar, maddi baza, ixtisaslar üzrə praktiki təcrübələr haqqında əyani təcrübəyə yiyələnəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 17-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir.