Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yerli və ətraf regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi həyata keçiriləcək.

Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.

Fərqli regionlardan 6 ali təhsil müəssisəsini və eyni zamanda 20 potensial əməkdaşı özündə cəlb edəcək layihə iki mərhələdə təşkil olunacaq.

İlk mərhələ çərçivəsində Gəncə şəhərində regiondakı universitetlərdən (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti) olan əməkdaşlar üçün Avropa və beynəlxalq səviyyədə əməkdaşlığının gücləndirilməsi, Erasmus+ və digər qrant müsabiqələri üçün layihə hazırlanması və icra olunması istiqamətində 4 günlük məlumatlandırıcı təlim kursu keçiriləcək.

Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Dostlarınızla Paylaşın