Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Ekologiyanın qorunmasında gənclərin ideya marafonu” layihəsinə start verildi.

Layihənin əsas məqsədi region gəncləri arasında ekoloji məsuliyyəti artırmaq, onları ətraf mühit problemlərinin həlli üçün yaradıcı ideyalar irəli sürməyə təşviq etməkdir.

Layihə çərçivəsində Gəncə şəhəri və ətraf regionlardan seçilmiş 16-29 yaş arası 20 nəfər motivasiyalı gənc üç mərhələdən ibarət İdeyatona cəlb olundular. İştirakçılar peşəkar fasilitatorun rəhbərliyi altında 4 komandaya bölünərək çalışdılar. Layihə müddətində gənclər üçün 10-14 avqust 2026-cı il tarixlərində INNOHUB – İnnovativ Tədris Mərkəzində ideyasiya prosesi mövzusu ilə bağlı təlimatlandırma, günlük komanda işi, təqdimat bacarıqları, biznes planlaşdırma və marketinq strategiyasının qurulması mövzularında təlimlər keçirildi.

Təlimlərlə yanaşı, iştirakçıların ekoloji problemlərin mahiyyətini praktiki olaraq dərk etmələri və cəmiyyətdə ekoloji mədəniyyəti təbliğ etmələri üçün 15 avqust 2026-cı il tarixində Gəncə şəhəri, Comərd Qəssab türbəsi ərazisində ictimai təmizlik aksiyası baş tutdu.

Layihənin növbəti mərhələsində iştirakçılar hazırladıqları ideyaları 22 avqust 2026-cı il saat 14:00-da INNOHUB – İnnovativ Tədris Mərkəzində keçiriləcək yekun təqdimat günündə münsiflər heyəti qarşısında təqdim edəcəklər. Təqdim olunan layihələr innovativlik, tətbiq oluna bilmə potensialı və sosial təsiri baxımından qiymətləndiriləcək.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan