Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsinin ilk mərhələsi start götürüb.

12 fevral 2024-cü il tarixində Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə 20 nəfər şagirdin iştirakı ilə baş tutan ilk seminar çərçivəsində şagirdlərə prioritet peşə ixtisasları, Gəncədə fəaliyyət göstərən peşə mərkəzləri, tədris olunan ixtisaslar, qəbul qaydaları və Azərbaycanda olan peşə ixtisaslarının inkişaf perspektivləri haqqında geniş məlumat verilib.

Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə hədəf kütləsinə effektiv şəkildə çatdırılmasıdır.

Layihənin ilk mərhələsi şəhərin daha 6 orta məktəbində məlumatlandırıcı seminarların təşkili ilə davam edəcək. Seminarlardan sonra isə həmin məktəblərdən marağı olan şagirdlər Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzlərində öyrənmə səfərlərində iştirak edəcəklər. Bu səfərlərdə şagirdlər PTM-lərdəki şərait, imkanlar, maddi baza, ixtisaslar üzrə praktiki təcrübələr haqqında əyani təcrübəyə yiyələnəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 17-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Dostlarınızla Paylaşın