Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi Forum tədbiri ilə yekunlaşıb.

Layihənin 1-ci mərhələsində 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçıya “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər.

25 oktyabr, 2023-cü il tarixində Gəncə şəhərində layihənin yekun tədbiri olan “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçirilib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, KOBİA-nın, Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin startaplar üzrə mütəxəssisi Tural Rüstəmov və “Təmas Sərvi” MMC SOSİAL SAHİBKARLIQ müəssisəsinin təsisçiləri Kübra Ələkbərova və Südabə Məmmədova iştirak ediblər. Forumda iştirak edən qurumların müvafiq imkanları və proqramları haqqında təqdimatlar edilib, o cümlədən sosial sahibkarlıq sahəsi ilə bağlı panel müzakirə aparılıb, və tədbir iştirakçılarının sualları cavablandırılıb. Forum tədbiri təlim kursu iştirakçılarının sosial sahibkarlıq müstəvisində hazırladıqları layihə ideyalarının təqdimatları ilə yekunlaşıb.

Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir.

Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Dostlarınızla Paylaşın