Gəncədə “Şuşa Mədəniyyət Festivalı” həyata keçirilib.
23 Mart, 2023-cü il tarixində Gəncə şəhərində “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində festival icra edilib. Festival Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində baş tutub. Festival Gəncə şəhər əhalisi üçün layihə iştirakçıları tərəfindən ərsəyə gələn “ŞUŞA” kitabçalarının təqdimatı (paylanılması) və musiqi ilə əhatə olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Fazilqızı, “Gələcəyə Körpü” GİB-in sədri Hüseynxan Hacızadə və digər layihə iştirakçıları çıxış ediblər. Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır. Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin və şəhər əhalisinin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanmış kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirməsi, əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.
“Mədəniyyət paytaxtımız: gənc tədqiqatçıların araşdırmalarında” layihəsi davam edir
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi davam edir. Layihədə iştirak haqqı qazanmış 15 gənc Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparmış və araşdırma nəticəsi olaraq kitabçalar hazırlanmışdır. Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır. Eyni zamanda çap edilmiş kitabçaların təqdimatını və şəhər əhalisinin layihə haqqında məlumatlığını təmin etmək məqsədilə “Şuşa Mədəniyyəti Festivalı”ı həyata keçiriləcəkdir. Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanacaq kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirilməsi əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.
“Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları” adlı layihə yekunlaşıb.
bp şirkətinin maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin, və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları” layihəsi Layihənin məqsədi keçmişdə peşə təhsili almaq imkanı olmamış və nəticədə davamlı karyera qurmaq üçün rəsmi diplomu olmayan peşə bacarığı olan işçilər üçün peşə təlimləri vermək idi. Təlim proqramı iştirakçılara peşəkar biliklərini zənginləşdirməyə və eyni zamanda praktiki bacarıqlarını yeniləməyə yönəlmiş həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olub. Layihə iştirakçıları 10 günlük – bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və 4 günlük plastik boru qaynaqçısı təlim proqramlarında iştirak edərək dörd peşə növündən birinə yiyələniblər. Qeyd olunan konkret peşə fənləri üzrə təlimlərdən əlavə, bütün layihə benefisiarları üçün 3 günlük sahibkarlıq təlimi də keçirilib. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.
Gəncimiz Aytac Ələsgərli Almaniyada könüllülük layihəsində iştirak edir.
“Gələcəyə Körpü” vasitəsilə Erasmus+ Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində daha bir könüllümüz Aytac Ələsgərli Almaniyanın Weimar şəhərində yerləşən EJBW (Europäische Jugendbildungs- und Jugendbegegnungsstätte Weimar) təşkilatında uzunmüddətli könüllülük fəaliyyətini davam etdirir. Layihə çərçivəsində könüllümüz artıq 3 layihəni uğurla və yeniliklər öyrənərək başa vurub. Eyni zamanda növbəti il üçün planlanan layihənin hazırlıqları üçün Çexiyanın paytaxtı Praqa şəhərinə iş səfərində iştirak edib. Könüllülük müddətinin ikinci ayında Almaniyada ESC könüllülüyünə yeni başlayan bir sıra gəncin qatıldığı Bavariya, Benediktbeuern-də 1 həftəlik on-arrival seminarına qatılıb. Seminarın məqsədi ölkəyə yeni gələn gənclərin adaptasiyası, onları maraqlandıran suallar, gələcək imkanlar, hüquq və vəzifələr barədə ətraflı məlumatlandırmaq idi. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en
“Region gənclərinin kiçik sahibkarlıq və biznes fəaliyyətlərinin dəstəklənməsi” layihəsi yekunlaşıb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Region gənclərinin kiçik sahibkarlıq və biznes fəaliyyətlərinin dəstəklənməsi” layihəsi çərçivəsində təlim kursları həyata keçirilib. Layihənin məqsədi Gəncə və ətraf rayonlardan olan gənclərin öz kiçik biznes ideyalarını reallaşdırmalarında onların nəzəri, praktiki bilik və bacarıqlarını artırmaq, eyni zamanda regionda gənclərin məşğulluq probleminin həll edilməsinə qismən də olsa təkan verməkdir. Gəncə şəhərində 3-7 dekabr, 2022-ci il tarixlərində Gəncə və ətraf rayonlardan seçilmiş ümumi 25 nəfər gənc iştirakçıya təlimçilər İsa Qasımov, Seymur Həmidov, Ülviyyə Savadova tərəfindən “Biznes təşəbbüskarlığı və iş fikrinin inkişafı”, “Biznes fəaliyyətində brendləşmə” və “Maliyyə sahəsi üzrə ilkin məlumatlar və sahibkarlarıq fəaliyyətinin qeydiyyatı” əsas mövzuları üzrə sessiyalar verilib. Təlim kursu qeyri-formal təhsil metodları əsasında baş tutub.
II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub
“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində 29 Noyabr 2022-ci il tarixində Şəmkir rayonunda II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub. Kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji – körpü yaratmaq məqsədilə, dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi həyata keçirilib. Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri qonaqlar qismində iştirak ediblər. Kənd Təsərrüfatı İnnovasiyalar SərgisindəGəncə Aqrar Təlim Mərkəzi, “Şah Aqro” MMC, “Ata Aqro” MMC, “Rövşənoğlu Holding”, “Prior Lizinq” ASC, “Smart Trade” MMC, “Millenium Expert” MMC, “Aqro Servis ASC” Şəmir Regional nümayəndəliyi, “HH Group”, Samux, Şəmkir və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) nümayəndələri ilə təmsil olunublar. II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Günəbaxan, Pomidor və Sorqum Məsləhət qruplarının üzvləri də fəal iştirak ediblər. Qeyd edək ki, “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas partnyorlarındandır.
Birliyimiz “Erasmus Village” layihəsində təmsil olunub
11 noyabr 2022-ci il tarixində Bakı şəhərində “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycanda Milli Erasmus+ ofisi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası, Avropa Həmrəylik Korpusu və Erasmus+ Gənclik üzrə Azərbaycanda Məlumat Mərkəzinin tərəfdaşlığı ilə “Erasmus Village” layihəsi baş tutub. Layihə çərçivəsində beynəlxalq təcrübə və xaricdə təhsil mövzusunda müxtəlif tədbirlər, məlumatlandırıcı sessiyalar və sərgidən ibarət layihə gün ərzində davam edib. Layihə çərçivəsində həm ali təhsil müəssisələrinin, həm də qeyri-hökumət təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsində yeni çağırışlar və imkanlar mövzusunda müvafiq olaraq dəyirmi masalar keçirilib. Tədbir xaricdə təhsil üzrə dövlət və beynəlxalq proqramlar haqqında sessiyalarla davam edib. Bu hissədə tədbir iştirakçılarına dövlət və müxtəlif beynəlxalq proqramlardan tərəfindən maliyyələşdirilən proqramlar haqqında ətraflı məlumat verilmişdir. Növbəti sessiyalarda Avropa Həmrəylik Korpusu (European Solidarity Corps), Erasmus+Gənclik (Erasmus+Youth), Erasmus Mundus Birgə Magistr proqramı (EMJMD) daxil olmaqla müxtəlif beynəlxalq proqramların dəstəyi ilə xaricdə təhsil, könüllülük və mübadilə proqramlarında iştirak imkanları, müraciət prosesi, qəbul şərtləri olmaqla iştirakçıları maraqlandıran bütün təfərrüatlar haqqında iştirakçılara təqdimatlar edilib və mövcud suallar cavablandırılıb. Həmçinin sözügedən proqramlardan məzun olmuş gənclər öz xaricdə təhsil, könüllülük və mübadilə təcrübələrini və hekayələrini iştirakçılarla bölüşüblər. Son olaraq effektiv CV və motivasiya məktubunun hazırlanması mövzusunda keçirilən vörkşop baş tutub. Layihəyə ictimaiyyətə açıq şəkildə təşkil olunan “Beynəlxalq təhsil və təcrübə” sərgisi ilə yekun vurulub.
Birliyimizin nümayəndəsi Polşada beynəlxalq seminarda iştirak edib
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Fatimə Vəliyeva 9-13 Noyabr, 2022-ci il tarixlərində Polşanın Krakov şəhərində #Erasmus+ Proqramı çərçivəsində icra olunan “XXISTRIM – Keçmişə istinad etmək, Gələcəyə istiqamətlənmək” adlı beynəlxalq seminarda iştirak edib. Layihənin məqsədi iştirakçılar tərəfindən Avropa Həmrəylik Korpusunda effektiv təcrübələrin bölüşülməsi, bu layihələrin daha inklüziv və dayanıqlı olmasını təmin etmək üçün müzakirələr və vörkşopların təşkil olunmasıdır. Həmçinin, layihə çərçivəsində Avropa Həmrəylik Korpusu qəbul edən məktəb və bağçalara səfər olunub, yeni əməkdaşlıq və gələcək fəaliyyətləri planlaşdırmaq üçün müxtəlif formatda fəaliyyətlər təşkil olunub. “Gələcəyə Körpü” GİB vasitəsilə STRİM təşkilatında könüllülük fəaliyyətinə başlayan könüllü – İlahin Hüseynov ilə də təşkilatın nümayəndəsinin görüşü olmuşdur. Görüşdə könüllü olduğu uşaq bağçasında sosial fəaliyyətlər haqqında ətraflı müzakirə aparılmışdır. Qeyd edək ki, layihədə 10 müxtəlif Erasmus+ proqramı və tərəfdaş ölkələrindən olan 30 nümayəndə iştirak etmişdir.
Gəncədə “Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi I” icra olundu.
“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində 25 Oktyabr 2022-ci il tarixində Gəncə şəhərində I Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olundu. Dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə həyata keçirilən I Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisinin əsas məqsədi Kənd Təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji – körpü yaratmaqdır. Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru rəsmi qonaqlar qismində iştirak ediblər. Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilir. Beşillik strategiyanın hazırlanmasından başqa, ölkənin 2 regionunda – Gəncə-Qazax və Quba-Xaçmaz regionunda təklif edilən modelin sınaqdan keçirilməsi istiqamətində də fəaliyyət göstərir.
“Gəncədə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlərə start verildi.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Gəncə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlim kursları həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan 16-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır. Təlim kursunda Gəncədə yaşayan öz biznes ideyası ilə fərqlənən və məqsədi biznes fəaliyyətinə başlamaq olan qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat verilir. Bu bacarıqlar arasında sahibkarlıq sahəsində də geniş tətbiq edilən rəqəmsal (SMM və digər vasitələr) bilik və bacarıqlar da yer alır. 4 günlük təlim kursundan sonra layihə çərçivəsində dəyirmi masa görüşü də təşkil ediləcək. Bu müddət ərzində intensiv olaraq peşəkar ekspertlər tərəfindən sahibkarlıq və biznes sahəsi üzrə ilkin məlumatlardan, biznes ideyasının reallaşdırılmasına qədər müvafiq proseslər və modullar tədris ediləcək. İştirakçılara eyni zamanda dövlət və QHT tərəfindən bu istiqamət üzrə təklif edilən ən son imkanlar, elanlar, proqramlar və layihələr haqqında da məlumat veriləcək.